İngiltərə çempionatında 8-ci turdan təxirə salınmış oyun keçirilib.
Qrem Potterlə yolları ayıran “Çelsi” müvəqqəti baş məşqçi Bruno Saltorun rəhbərliyi ilə Londonda “Liverpul”u qəbul edib. 26-cı dəqiqədə Ris Ceyms fərqlənsə də, oyundan kənar vəziyyət qeydə alındığından qol sayılmayıb. Meydan sahibləri 2-ci yarıda yenidən rəqib qapısına yol tapsalar da, Kay Havertzin əllə oyununa görə hesab dəyişməyib. Beləliklə mərkəzi görüş qolsuz heç-heçəylə yekunlaşıb. Hesabında 39 xal olan “Çelsi” 11-ci pillədə qərarlaşıb. 4 xal çox toplayan “Liverpul” isə 8-cidir.
“Lester” 7-ci turdan təxirə salınan matçda doğma meydanda “Aston Villa”ya uduzub. 24-cü dəqiqədə Oli Votkins qonaqları irəli çıxarıb. Çox keçmədən Harvi Barns tarazlığı bərpa edib. 2-ci hissıdə Kirnan Dyuzberi Holl ikinci dəfə sarı vərəqə ilə cəzalanaraq oyundan kənarlaşdırılıb. Görüşdə yekun nəticəni Aston Villanın müdafiəçisi Bertran Traore müəyyənləşdirib: “Lester” – “Aston Villa” 1:2. Ardıcıl 3 oyundur qalib gələn “Aston Villa” 44 xalla 7-ci yerdədir. Hesabında 25 xal olan “Lester” isə autsayderlər sırasındadır. “Brayton” səfərdə “Bornmut”u 2:0 hesabilə məğlub edib. “Lids” öz meydanında “Notingem”dən üstün olub - 2:1. İngiltərə çempionatında yarış cədvəlinə əvvəlki kimi “Arsenal” başçılıq edir. Topçuların aktivində 72 xal var. “Mançester Siti” 64 xalla 2-ci, “Nyukasl” 50 xalla 3-cüdür.